Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda “Yoluxucu xəstəliklərə epidemioloji nəzarətin təşkilində yeni yanaşmalar” mövzusunda təşkil olunan elmi seminarda institutun Epidemiologiya üzrə elmi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Lalə Rüstəmova çıxış edib. Təqdimat zamanı epidemioloji nəzarət anlayışı, onun tərifi, əsas prinsipləri, mərhələləri, növləri və qiymətləndirmə meyarları sistemli şəkildə izah olunub. Eyni zamanda hazırda tətbiq edilən epidemioloji nəzarət paradiqmaları və məlumat bazasına daxil olan əsas komponentlər barədə geniş məlumat verilib.
Seminarda epidemioloji nəzarətin həyata keçirilməsində istifadə olunan mütləq və nisbi xəstələnmə göstəricilərinin hesablanma mexanizmləri də praktik şəkildə nümayiş etdirilib. Çıxışda Azərbaycan Respublikasında yoluxucu xəstəliklərə epidemioloji nəzarətin təşkili və aparılmasında YXEMS – Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin rolu və əhəmiyyəti xüsusi vurğulanıb.
Bununla yanaşı, epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində müasir yanaşmaların tətbiqinin vacibliyi qeyd olunub. Bu yanaşmalara coğrafi informasiya sistemləri (elektron atlaslar və xəritələşdirmə), epidemioloji proqnozlaşdırma modelləri, tam və fraqmentar genom sekvenlənməsi, ətraf mühit obyektlərinin monitorinqi, eləcə də informasiya texnologiyaları və süni intellektin tətbiqi daxil edilib.
Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq təqdim olunan yeniliklərin praktik səhiyyə sistemində tətbiq imkanlarını müzakirə ediblər.