post image

28 Aprel – Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 28 Aprel – Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirin açılışında institutun direktoru, professor Adil Allahverdiyev çıxış edərək əməyin mühafizəsinin iş mühitində təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb, bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.


Tədbirdə çıxış edən institutun direktorunun elmi işlər üzrə müavini, professor Akif Qurbanov 28 Aprel tarixinin əhəmiyyətindən bəhs edərək bu günün yalnız əməyin mühafizəsi sahəsində deyil, həm də görkəmli alim, akademik Zərifə Əliyevanın anım günü ilə üst-üstə düşdüyünü vurğulayıb. O, Zərifə Əliyevanın səhiyyə sahəsindəki misilsiz xidmətlərini qeyd edərək, onun elmi və insani irsinin bu gün də tibb işçiləri üçün örnək olduğunu diqqətə çatdırıb.


Daha sonra institutun həkim-laborantı və Həmkarlar İttifaqının sədri Sevinc İbrahimova “İşçilərin əmək hüquqlarının qorunması və sosial müdafiə məsələləri” mövzusunda çıxış edərək əmək münasibətlərində hüquqi təminatların və sosial müdafiə mexanizmlərinin əhəmiyyətini diqqətə çatdırıb.


İnstitutda əməyin mühafizəsi üzrə məsul şəxs Könül Cəfərova “Əmək təhlükəsizliyi qaydaları və onların tətbiqi vəziyyəti” mövzusunda təqdimatla çıxış edərək müəssisədə təhlükəsizlik qaydalarının icrası və mövcud vəziyyət barədə məlumat verib.


Tədbir çərçivəsində Mülki Müdafiə Qərargahının rəisi Namiq Mustafayev “Fövqəladə hallara hazırlıq və mülki müdafiə tədbirlərinin təşkili” mövzusunda çıxış edərək fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması istiqamətində görülən tədbirlərdən bəhs edib.


Qonaq qismində iştirak edən ASİHİRK-in əməyin mühafizəsi üzrə müfəttişi Emin Tağıyev isə “Əməyin mühafizəsi sahəsində qanunvericilik və nəzarət mexanizmləri” mövzusunda çıxış edərək bu sahədə mövcud hüquqi baza və nəzarət mexanizmləri haqqında məlumat verib. Tədbirin sonunda iştirakçılar arasında mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.