Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun elmi-tədqiqat fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə bir sıra nüfuzlu beynəlxalq elmi məlumat bazalarına tam çıxış təmin edilmişdir. Bu imkan institut əməkdaşlarının qlobal elmi resurslardan daha geniş və sistemli şəkildə istifadə etməsinə şərait yaradır.
Hazırda institut əməkdaşları üçün aşağıdakı platformalar əlçatandır:
Cambridge University Press – müxtəlif elm sahələri üzrə yüksək keyfiyyətli akademik nəşrlər təqdim edən nüfuzlu beynəlxalq nəşriyyat;
ProQuest (ProQuest Central) – minlərlə elmi məqalə, dissertasiya və digər akademik mənbələri birləşdirən genişmiqyaslı tədqiqat platforması;
Web of Science – elmi məqalələrin indeksləşdirilməsi, sitat analizi və elmi fəaliyyətin qiymətləndirilməsi üçün istifadə olunan beynəlxalq məlumat bazası.
Bununla yanaşı, Scopus məlumat bazasına çıxışın təmin edilməsi istiqamətində müvafiq prosedurlar davam etdirilir.
Təmin olunmuş çıxış imkanları institutda aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq elmi mühitlə inteqrasiyanın daha da gücləndirilməsinə xidmət edir.