post image

V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun həkimlərinin elmi məqaləsi beynəlxalq jurnalda dərc edilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun əməkdaşları tərəfindən birgə əməkdaşlıqla hazırlanmış elmi məqalə nüfuzlu beynəlxalq nəşr olan Eastern Mediterranean Health Journal jurnalında dərc olunub.


“Measles outbreaks in Azerbaijan” (Azərbaycanda qızılca epidemiyaları) mövzusunda hazırlanmış bu tədqiqat 2026-cı il, 32-ci cildin 1-ci sayında (səh. 44–51) dərc edilib. Məqalədə 2023–2024-cü illər ərzində ölkəmizdə qeydə alınmış qızılca halları, yayılma səbəbləri, yaş qrupları üzrə xüsusiyyətləri və pandemiya sonrası dövrdə peyvəndləmə səviyyəsinin təsiri elmi əsaslarla təhlil olunmuşdur.


Tədqiqatın müəllifləri Həlimə Səfərlı və Afət Akbərova V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda, Mestan Emek Akdeniz Universiteti Tibb Fakültəsində (Antalya, Türkiyə), Nigar Mütəlibova isə A.Aliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Aygün İsmayılova və Əlcəfər Cəfərov Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Rəşad Çobanlı Regional Tibb Bölmələri İdarəsində və Belgin Ünal isə Dokuz Eylul Universiteti Tibb Fakültəsində (İzmir, Türkiyə) fəaliyyət göstərirlər.


Tədqiqatın nəticələri göstərir ki, COVID-19 pandemiyası dövründə rutin peyvəndləmənin azalması qızılca hallarının artmasına səbəb olmuşdur. Bu, ölkəmizdə peyvəndləmə proqramlarının gücləndirilməsinin və ictimaiyyətin maarifləndirilməsinin vacibliyini bir daha təsdiqləyir. İnstitut əməkdaşlarının beynəlxalq elmi platformada əldə etdiyi bu uğur Azərbaycan səhiyyə elminin inkişafına mühüm töhfə olmaqla yanaşı, ölkəmizin elmi potensialının tanıdılmasına xidmət edir. İnstitutumuz elmi-tədqiqat institutu olduğu üçün klinikamızda çalışan həkimlərin də elmi-tədqiqat işləri ilə məşğul olmaları və impact faktorlu jurnallarda məqalələrinin dərc olunması rəhbərlik tərəfindən yüksək qiymətləndirilir.