post image

Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Bakı Mühəndislik Universiteti ilə bağlanmış memorandum çərçivəsində görüş baş tutub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev Bakı Mühəndislik Universitetinin rəhbər heyətini qəbul edib. Görüşdə Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Bayram Hüseynzadə iştirak ediblər.


Qonaqlar institutun maddi-texniki bazası ilə yaxından tanış olub, xüsusilə müasir tələblərə cavab verən laboratoriyalara baxış keçiriblər. Laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, profilaktik tibb sahəsində həyata keçirilən layihələr və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.


Görüş zamanı səhiyyə və təhsil sahələri arasında elmi əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılması, elmi potensialın qarşılıqlı şəkildə gücləndirilməsi məsələləri müzakirə olunub.


Qeyd edək ki, səfər Bakı Mühəndislik Universiteti ilə Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.


Tərəflər memorandumda nəzərdə tutulan istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıblar.