23 dekabr 2025-ci il tarixində V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Elmi Şuranın iclası baş tutub. İclasın gündəliyi institutun elmi şöbələrinin 2025-ci il üçün hesabatı ilə bağlı olub.
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, t.e.d., professor Adil Allahverdiyev çıxış edərək 2025-ci ilin institut üçün yenidənqurma və inkişaf baxımından xüsusilə əhəmiyyətli il olduğunu, həmçinin Mikrobiologiya, Parazitar və Tropik xəstəliklər, Gen mühəndisliyi və bionanotexnologiya, eləcə də digər şöbələrdə plana uyğun görülən işlərin əhəmiyyətini vurğulayıb. Professor A.Allahverdiyev əldə olunan elmi nəticələrin “SCOPUS”, “Web of Science”, “Google Scholar” və digər beynəlxalq elmi bazalarda indeksləşdirilmiş jurnallarda çap olunmasının vacibliyini, həmçinin konfrans, elmi-praktik seminar və vebinarların keçirilməsinin institutun elmi fəaliyyətinin inkişafında mühüm rol oynadığını qeyd edib.
İclasda Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktorunun elmi işlər üzrə müavini professor Akif Qurbanov, elmi-katib professor Ağasəmid İsayev, Parazitar və Tropik xəstəliklər üzrə elmi şöbənin müdiri t.e.d. Akif Salehov və digər Elmi Şura üzvləri çıxış edərək professor Adil Allahverdiyevin fikirləri ilə həmfikir olduqlarını bildiriblər. İclas zamanı həmçinin gələcək tədqiqat istiqamətləri, elmi fəaliyyətin keyfiyyətinin artırılması və əməkdaşların beynəlxalq elmi platformalarda iştirakı məsələləri müzakirə olunub.
2025-ci ilin son Elmi Şurasının iclasında iştirakçılara qarşıdan gələn 2026-cı ilin uğurlu elmi fəaliyyət və nailiyyətlərlə zəngin bir il olması arzu edilib.