Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev 10 dekabr 2025-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) mühazirə ilə çıxış edib. Tədbir BDU-nun SABAH qrupları və Tələbə İnkişaf Mərkəzinin təşkilatçılığı ilə universitetin 2 saylı tədris binasında keçirilib.
“Vaksin Biotexnologiyası: Nanovaksinlər” mövzusunda geniş təqdimat edilərək, müasir vaksin istehsalında tətbiq olunan biotexnoloji yeniliklər, nanohissəciklərin immunologiyada rolu və qlobal səhiyyədə innovativ yanaşmalar haqqında məlumat verilib.
Tələbələr və akademik heyət məruzəni böyük maraqla dinləyib, müzakirələr zamanı Adil Allahverdiyevə elmi istiqamətlər, yeni tədqiqat imkanları və nanovaksinlərin tətbiq perspektivləri ilə bağlı suallar ünvanlayıblar.
Bu təqdimat V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun elmi potensialının akademik mühitdə təqdim olunmasına və biotexnologiya sahəsində əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.