post image

V.Y. Axundov adına Tibbi Profilaktika Elmi-Tədqiqat İnstitutu “Vahid Sağlamlıq: Problemlər və Həllər" mövzusunda 4-cü Beynəlxalq Konfransının təşkilatçıları sırasındadır.

28–29 noyabr tarixlərində Bakıda keçirilən 4-cü Beynəlxalq “One Health: Problems & Solutions” Konfransı çərçivəsində dünyanın müxtəlif ölkələrindən elm adamları, tədqiqatçılar və səhiyyə mütəxəssisləri bir araya gəlib. Konfransın əsas məqsədi iqlim dəyişikliyi, qida təhlükəsizliyi, yoluxucu xəstəliklər və ekoloji problemlərin insan, heyvan və ətraf mühit sağlamlığına təsirini müzakirə etməkdir. Bu ilki tədbirin təşkilatçıları arasında V.Y. Axundov adına Tibbi Profilaktika Elmi-Tədqiqat İnstitutu da yer alıb.


Konfransın açılış sessiyasında, eləcə də elmi proqram boyunca aparıcı mütəxəssislər “One Health” yanaşmasının qlobal səhiyyə siyasətində əhəmiyyətini vurğulayıblar. İnstitutun direktoru, Prof. Adil M. Allahverdiyev konfransın əsas çıxışçılarından (Keynote Speaker) biri qismində “Exosome Research: Advances and Future Perspectives” mövzusunda təqdimatla çıxış edib. Prof. Adil Allahverdiyev çıxışında eksosomların müasir tibbdə diagnostika, terapiya və biotexnoloji həllərdə rolundan danışaraq, bu sahədə Azərbaycanın elmi potensialını və institutun yeni tədqiqat istiqamətlərini beynəlxalq auditoriyaya təqdim edib. Konfrans çərçivəsində iştirakçılar iqlim dəyişmələrinin səhiyyəyə təsiri, qida təhlükəsizliyi, zoonoz xəstəliklər, biosənaye, ekoloji risklərin qiymətləndirilməsi, biomateriallar və digər strateji mövzularla bağlı müzakirələr aparıblar.


V.Y. Axundov adına Tibbi Profilaktika Elmi-Tədqiqat İnstitutu üçün bu konfrans həm beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, həm də tədqiqat nəticələrinin qlobal elmi ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.