post image

Çəhrayı Oktyabr – həyat üçün birləşdik: Azərbaycan aliminin döş xərçəngi ilə mübarizədə elmi töhfəsi.

Oktyabr ayı döş xərçəngi ilə mübarizə və qadın sağlamlığına diqqətin artırıldığı aydır. Bu ay çərçivəsində aparılan elmi və maarifləndirici fəaliyyətlər, xəstəliyin profilaktikası və erkən aşkarlanmasının əhəmiyyətini bir daha önə çıxarır.


Döş xərçəngi qadın sağlamlığı üçün ən aktual mövzulardan biridir. Müasir tibbdə artıq təkcə xəstəliyin müalicəsi deyil, onun qarşısının alınması və erkən mərhələdə aşkarlanması da prioritet istiqamətlərdən sayılır.


V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun alimi, professor Adil Allahverdiyev uzun illərdir döş xərçəngi ilə mübarizə istiqamətində elmi tədqiqatlar aparır. Onun rəhbərliyi ilə həyata keçirilən işlərdə immunoterapiya, vaksinlərin hazırlanması, nano-texnologiyaların tətbiqi və genetik faktorların öyrənilməsi kimi müasir istiqamətlər birləşir.


Professorun elmi araşdırmalarında qeyd olunur ki, döş xərçəngi ilə mübarizədə ənənəvi üsullar bəzən orqanizmin sağlam hüceyrələrinə də təsir göstərir. Buna görə də son illərdə diqqət, bədənin öz müdafiə sistemini gücləndirən yanaşmalara – immunoterapiyaya yönəlib. Bu üsulun məqsədi immun sistemini “öyrədərək” xərçəng hüceyrələrini tanımaq və onları məhv etmə qabiliyyətini artırmaqdır.


Tədqiqatlarda bu yanaşmanın daha effektiv olması üçün nano-daşıyıcı sistemlər, dendritik hüceyrə əsaslı üsullar və bioloji mənşəli nanozərrəciklər kimi innovativ texnologiyalardan istifadə olunur. Bu istiqamətdə aparılan işlər, müalicənin toksik təsirini azaltmaqla yanaşı, daha hədəfli və fərdi yanaşma prinsiplərini də önə çəkir.


Professor Adil Allahverdiyevin bu sahədə apardığı elmi işlər beynəlxalq elmi mənbələrdə istinad olunur və döş xərçənginə qarşı yeni nəsil immunoterapevtik yanaşmaların formalaşmasına dəyərli töhfə verir.


Adil Allahverdiyevin müəllifliyinə aid elmi məqalələrin linkləri:


https://bit.ly/43bdZcV


https://bit.ly/47Vlqre


https://bit.ly/4nywVJO


https://bit.ly/3WAVcEc


Bu tədqiqatlar, Azərbaycan alimlərinin elmi potensialının beynəlxalq səviyyədə tanınmasına və müasir profilaktik tibb istiqamətlərinin inkişafına xidmət edir.