post image

Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Elmi Şuranın iclası keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 28 oktyabr 2025-ci il tarixində Elmi Şuranın iclası baş tutub.


İclasda institutun direktoru, t.e.d., professor Adil Allahverdiyev I Beynəlxalq Parazitologiya Konfransının nəticələri və gələcək elmi prioritetlər barədə məlumat verib.


Mikrobiologiya üzrə elmi şöbənin Bakteriologiya və Mikologiya bölməsinin müdiri, t.ü.f.d. Fəridə Heydərova, Virusologiya bölməsinin müdiri Vüqarə Məmmədova, Gen mühəndisliyi və biotexnologiya üzrə elmi şöbənin müdiri Nərgiz İmamova, həmin şöbənin Kök hüceyrə və regenerativ tibb bölməsinin müdiri Rəşad Rəsulov və Kimyəvi terapevtik preparatların tədqiqi bölməsinin müdiri, k.ü.f.d. Elxan Babayev tərəfindən 2025-ci ilin ilk yarımilliyi ərzində görülən elmi işlər barədə hesabatlar təqdim olunub. Hesabatlarda aparılan tədqiqatların nəticələri, tətbiq imkanları və beynəlxalq elmi jurnallarda nəşrə hazırlanan işlər müzakirə edilib.


Elmi Şurada Parazitar və Tropik Xəstəliklər üzrə elmi şöbənin Entomologiya bölməsinin baş elmi işçisi, b.ü.f.d. Elmira Hacıbəyeva tərəfindən həmin bölmənin əməkdaşları ilə birgə hazırlanmış “Leyşmaniozun keçiriciləri mığmığaların bioekoloji xüsusiyyətləri və onlara qarşı mübarizə tədbirləri” adlı metodik vəsait təqdim olunub. Sənəd elmi-praktik əhəmiyyəti baxımından yüksək qiymətləndirilib.


Professorlar Akif Qurbanov, Ağasəmid İsayev və t.e.d. Akif Salehov çıxış edərək institutun elmi potensialının gücləndirilməsi və tədqiqatların praktik səhiyyəyə inteqrasiyasının əhəmiyyətini vurğulayıblar.


İclas elmi fəaliyyətin keyfiyyətinin artırılması və gələcək tədqiqat istiqamətlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.